
2026/2027-ci tədris ilində Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi BMU-İNHA İkili Diplom Proqramına yüksək nəticə ilə qəbul olan tələbələrdən biri Cavad Cavadzadədir. O, 676,2 balla BMU-ya qəbul olan tələbələr arasında ən yüksək nəticəni göstərərək universitet birincisi olub və təhsilini BMU-İNHA İDP-nin Kompüter Elmləri / Süni İntellekt Mühəndisliyi (AI) ixtisasında davam etdirəcək.
Akademik Zərifə Əliyeva adına liseyin fərqlənmə məzunu olan Cavad Cavadzadə məktəb illərində də yüksək akademik göstəriciləri ilə seçilib. O, Respublika Fənn Olimpiadasında fizika üzrə 10-cu və 11-ci siniflərdə iki dəfə bürünc medal qazanıb.
İxtisas seçimi barədə danışan Cavad bildirir ki, informatika və riyaziyyata olan marağı, xüsusilə mürəkkəb alqoritmik məsələlərin həllinə həvəsi onu kompüter elmləri və süni intellekt istiqamətinə yönəldib.
“Süni intellektin gələcəyin əsas aparıcı texnologiyalarından biri olduğuna inanıram. Bu sahədə nəzəri və praktiki biliklərimi inkişaf etdirərək, gələcəkdə peşəkar AI mühəndisi kimi innovativ texnoloji həllər yaratmağı və ölkəmizin rəqəmsal inkişafına töhfə verməyi hədəfləyirəm.”
BMU-İNHA İDP-ni seçməsi barədə fikirlərini bölüşən Cavad proqramın ona beynəlxalq səviyyəli mühəndislik təhsili almaq, iki nüfuzlu universitetin diplomunu əldə etmək və Cənubi Koreyanın qabaqcıl texnologiya mühitində təcrübə qazanmaq imkanı verdiyini qeyd edir.
“BMU-İNHA İDP-nin yaratdığı imkanlar, xüsusilə Cənubi Koreyada təhsil və təcrübə qazanmaq fürsəti mənim üçün çox önəmlidir. Düşünürəm ki, bu proqram gələcək karyeram üçün möhkəm təməl yaradacaq və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmağıma kömək edəcək.”
Universitet birincisi olaraq BMU-İNHA İDP-yə qoşulan Cavad Cavadzadə qarşıdakı təhsil həyatında qazandığı bilik və təcrübəni süni intellekt sahəsində inkişaf etdirərək gələcəkdə innovativ layihələrə imza atmağı qarşısına məqsəd qoyub.
