Bakı Mühəndislik Universitetində Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təşkil olunan yay məktəbində “İnşaat mühəndisliyi” ixtisası üzrə dərs deyən Yucin Kanq burada tədris aparmaqdan məmnunluğunu ifadə edib.
“Bakı Mühəndislik Universitetinin tələbələrinə dərs demək mənim üçün böyük məmnunluqdur. Dəvətə görə universitet rəhbərliyinə təşəkkür edirəm”, – deyə İNHA Universitetinin doktorantı bildirib.
Təəssüratlarını bölüşən Yucin Kanq qeyd edib ki, İNHA Universitetində doktorantura proqramının nəzəri tədris mərhələsini uğurla başa vurub və hazırda elmi-tədqiqat fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, yay məktəbi zamanı tələbələrə hidrologiyanın əsas nəzəri prinsipləri tədris olunur. Dərslərdə torpağa sızma prosesləri, ehtimal təhlili, yağıntıların qiymətləndirilməsi, səthi axın və digər mühüm hidroloji proseslərdən bəhs edilir. Məqsəd tələbələrin yalnız nəzəri biliklər qazanması deyil, eyni zamanda həmin bilikləri praktiki mühəndislik məsələlərinin həllində tətbiq etməyi bacarmalarıdır.
“Tələbələrin mövzuya böyük maraq göstərməsi və dərslərdə fəal iştirak etməsi məni sevindirir. Onlara dərs deməkdən məmnunluq duyuram. Ümid edirəm ki, əldə etdikləri biliklər gələcək peşə fəaliyyətlərində onlara fayda verəcək”, – deyə Yucin Kanq əlavə edib.
Bakıya ilk dəfə səfər etdiyini bildirən doktorant şəhərin onda xoş təəssürat yaratdığını da vurğulayıb:
“Şəhər olduqca gözəldir. Bakının memarlığı müasir və tarixi üslubun ahəngdar vəhdəti ilə seçilir. Buna görə də şəhərin küçələrində gəzməyi çox sevirəm. Ümid edirəm ki, gələcəkdə Bakıya yenidən, bu dəfə şəhəri gəzmək və görməli yerlərini daha yaxından tanımaq məqsədilə səfər etmək imkanım olacaq”.
