İDP çərçivəsində BMU-da keçirilən yay tədris proqramı tələbələrə beynəlxalq təhsil təcrübəsi qazandırır

17 iyul 2026
İDP çərçivəsində BMU-da keçirilən yay tədris proqramı tələbələrə beynəlxalq təhsil təcrübəsi qazandırır

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının nüfuzlu İNHA Universitetinin professor-müəllim heyətinin iştirakı ilə təşkil olunan növbəti yay tədris proqramı öz fəaliyyətini davam etdirir. İki ali təhsil müəssisəsi arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı (İDP) çərçivəsində təşkil edilən yay tədris proqramı tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq akademik təcrübə qazanmaları baxımından mühüm əhəmiyyət daşıyır.

Yay tədris proqramına İNHA Universitetinin 13 nəfər professor-müəllim heyəti tədris prosesinə cəlb olunub. Üç həftə davam edən intensiv proqram çərçivəsində “Kompüter elmləri / Süni intellekt mühəndisliyi (AI)”, “Data analitikası / Data elmləri”, “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə dərslər keçirilir.

Akademik tədris ilinin tərkib hissəsi olan və iyulun 24-də yekunlaşacaq proqram çərçivəsində tələbələr müasir elm və texnologiyanın aktual istiqamətlərini əhatə edən fənlər üzrə biliklər əldə edirlər. Koreyalı professor və müəllimlər tərəfindən “Maşın öyrənməyə giriş”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Rəqəmsal siqnalların emalı”, “Elektron dövrələri – 2”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya”, “Avtomatik idarəetmə”, “Rəqəmsal məntiq dövrələri”, “Kompüter alqoritmləri”, “Obyektyönlü proqramlaşdırma”, “Proqramlaşdırmanın əsasları”, “Statistikaya giriş”, “Ehtimal nəzəriyyəsi”, “Süni intellektə giriş” və “Python proqramlaşdırma” fənləri tədris olunur.

Yay məktəbi tələbələrə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etmək, eləcə də qlobal əmək bazarının tələblərinə cavab verən peşəkar kompetensiyalarını inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, Azərbaycan və Cənubi Koreya ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın daha da möhkəmləndirilməsinə və təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

BMU ilə İNHA Universiteti arasında bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramında hazırda ümumilikdə 215 tələbə təhsil alır. Proqram üzrə indiyədək 256 tələbə məzun olub.

Geri