
Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində keçirilən hakatonun iştirakçıları ilə görüş keçirilib.
Görüşdə bildirilib ki, ötən il saziş çərçivəsində ilk hakaton təşkil olunub. Layihənin ötənilki mərhələsində qaliblər sırasında yer alan BMU tələbəsi cari ilin may ayında Cənubi Koreyaya səfər edərək ekoloji təlimlərdə iştirak edib.
Bu il keçirilən hakatonda isə koreyalı və azərbaycanlı tələbələrdən ibarət 4 komanda formalaşdırılıb. Hər komanda 3 nəfərdən – 1 koreyalı tələbə, 1 BMU tələbəsi və 1 Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsindən ibarət olub. Komandalar iqlim dəyişikliyi ilə bağlı birgə layihələr hazırlayıb və sonda layihələrin təqdimatını keçiriblər. İNHA Universiteti və ADU-nun professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihələr müəyyənləşdirilib.
Yarışmada iştirak edən müəllim və tələbələri BMU-nun rektoru adından salamlayan universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül BMU ilə İNHA Universiteti arasında 6 ildir uğurla davam edən əməkdaşlığın və ikili diplom proqramının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, proqramın uğurlu nəticələri nəzərə alınaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə onun icra müddəti 2030-cu ilədək uzadılıb.
İqlim dəyişikliyinin bəşəriyyət qarşısında duran ən aktual qlobal problemlərdən biri olduğunu qeyd edən Ətrabə Gül bu sahədə elmi biliklərin, innovativ texnologiyaların və beynəlxalq əməkdaşlığın rolunun getdikcə artdığını bildirib. O, iqlim dəyişikliyi ilə mübarizədə gənc tədqiqatçıların və gələcəyin mühəndislərinin fəal iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Prorektor qeyd edib ki, bu kimi beynəlxalq layihələr və akademik mübadilə proqramları tələbələrdə elmi-tədqiqat potensialının, innovativ düşüncə tərzinin, multidissiplinar əməkdaşlıq bacarıqlarının və sosial məsuliyyət hissinin formalaşmasına, həmçinin onların müxtəlif ölkələrin akademik mühiti ilə yaxından tanış olmasına mühüm töhfə verir.
Sonda Ətrabə Gül İNHA Universitetinin nümayəndələrinə, layihənin təşkilatçılarına və hakaton iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən koreyalı müəllimlər yenidən BMU-da olmaqdan məmnunluqlarını ifadə edib, Azərbaycan və universitet haqqında xoş təəssüratlarını bölüşüblər.
Daha sonra hakatonun nəticələri açıqlanıb, qalib komandaların üzvlərinə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində I və II yerlərə layiq görülən komandaların hər bir üzvünə pul mükafatları verilib.
