
2026/2027-ci tədris ilində Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi BMU-İNHA İkili Diplom Proqramına yüksək nəticə ilə qəbul olan tələbələrdən biri Yadulla Nəsirovdur. O, 648,3 balla İnformasiya Texnologiyaları ixtisasına qəbul olub.
Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbin məzunu olan Yadulla məktəbi 9-cu və 11-ci siniflərdə fərqlənmə attestatı ilə başa vurub. Bu nəticə onun təhsil həyatında göstərdiyi yüksək akademik göstəricilərin mühüm nümunələrindəndir.
İnformasiya Texnologiyalarını seçməsi barədə danışan Yadulla bu sahəyə olan marağının ixtisas seçimində əsas amillərdən biri olduğunu bildirir.
Yadulla üçün BMU-İNHA İDP yalnız ixtisas üzrə biliklər əldə etmək deyil, həm də beynəlxalq təhsil imkanlarından yararlanmaq baxımından mühüm seçimdir. O, proqram çərçivəsində qazandığı bilik və təcrübənin gələcək peşəkar inkişafına töhfə verəcəyinə inanır.
Qarşıdakı təhsil həyatında İT sahəsində biliklərini daha da genişləndirməyi hədəfləyən Yadulla BMU-İNHA İDP-nin yaratdığı imkanlardan maksimum yararlanaraq gələcək karyerası üçün möhkəm baza formalaşdırmağı qarşısına məqsəd qoyub.
