Beynəlxalq uğur qazanan BMU-İNHA tələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər

14 avqust 2026
Beynəlxalq uğur qazanan BMU-İNHA tələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər

BEU-INHA DDP tələbələri avqustun 11-də gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərə qatılmış və uğurlar qazanmış gənclərlə görüşündə iştirak ediblər.

Görüş zamanı nazir gəncləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onların iştirak etdikləri beynəlxalq tədbirlər, qazandıqları təcrübələr və əldə etdikləri nəticələr barədə fikir mübadiləsi aparıb.

Görüşdə BEU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektronika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Tahirə Bəylərova çıxış edib. O, BEU-nun eyni ixtisas üzrə tələbəsi Ülkər Rəhimli ilə birlikdə Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında iştirakı və qazandıqları uğur barədə təəssüratlarını bölüşüb.

Bildirilib ki, Tahirə Bəylərova 18 komandanın iştirak etdiyi “Labirint” kateqoriyasında tapşırığı 4,11 saniyəyə tamamlayaraq I yerə layiq görülüb. Ülkər Rəhimli isə 14 komandanın mübarizə apardığı “Robosoccer” kateqoriyasında uğurlu çıxış edərək I yeri tutub.

Tahirə Bəylərova beynəlxalq yarışlarda iştirakın tələbələr üçün yaratdığı imkanlardan, bu cür tədbirlərin onların bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmalarına, o cümlədən yeni əlaqələr qurmasına verdiyi töhfələrdən də danışıb.

Görüşdə Qazaxıstan, Macarıstan, İsveçrə, Malayziya, İtaliya, Böyük Britaniya, ABŞ, Finlandiya, Özbəkistan və Çində keçirilən beynəlxalq əhəmiyyətli tədbir və yarışlarda iştirak etmiş gənclərin fikir və təklifləri dinlənilib.

Nazir Fərid Qayıbov gənclərin əldə etdikləri nəticələri yüksək qiymətləndirib, onların uğurlarının davamlı olmasını arzulayıb.

← Geri