BMU–İNHA İDP məzunları “2022–2028 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində magistraturaya qəbul olublar

6 oktyabr 2026
BMU–İNHA İDP məzunları “2022–2028 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində magistraturaya qəbul olublar

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi İkili diplom proqramının məzunları növbəti uğura imza atıblar.

Belə ki, “Xaricdə təhsil üzrə 2022–2028 Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üzrə keçirilmiş qəbul nəticələrinə əsasən, 4 BMU–İNHA İDP məzunu proqram iştirakçısı adına layiq görülərək ABŞ və Böyük Britaniyanın nüfuzlu universitetlərində magistratura təhsili almaq hüququ qazanıb.

Dövlət Proqramına qəbul olunan məzunların hər biri müxtəlif müasir və perspektivli istiqamətlər üzrə təhsilini davam etdirəcək:

Əliyev Həsən – ABŞ-ın Duke University universitetində Elektrik və kompüter mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaq.

Rzazadə Elmir – Böyük Britaniyanın University of Birmingham universitetində Kompüter elmləri ixtisası üzrə təhsilini davam etdirəcək.

Qarayev Nihat – Böyük Britaniyanın University of Glasgow universitetində Proqram təminatının inkişafı istiqaməti üzrə magistratura təhsili alacaq.

Şirinov Nəbi – ABŞ-ın New York University (NYU) universitetində Data elmləri ixtisası üzrə magistratura proqramına qəbul olunub.

Məzunların Duke University, University of Birmingham, University of Glasgow və New York University kimi dünyanın tanınmış ali təhsil müəssisələrinə qəbul olunması BMU–İNHA İDP-nin tələbələrə qazandırdığı beynəlxalq akademik təcrübənin və yüksək səviyyəli hazırlığın göstəricilərindən biridir.

Bu uğur eyni zamanda BMU–İNHA İDP məzunlarının bakalavr təhsilindən sonra dünyanın aparıcı universitetlərində akademik fəaliyyətlərini davam etdirmək və beynəlxalq səviyyədə rəqabət aparmaq imkanlarını nümayiş etdirir.

Qeyd edək ki, BMU–İNHA İDP tələbələrə mühəndislik və texnologiyanın müxtəlif istiqamətləri üzrə müasir biliklər əldə etmək, beynəlxalq akademik mühitdə təhsil almaq və BMU və İNHA Universitetlərinin diplomlarını əldə etmək imkanı yaradır.

Dövlət Proqramına qəbul olunan məzunlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, onların magistratura təhsillərində və gələcək peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

 

← Geri