
Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən BMU–İNHA İkili Diplom Proqramının (İDP) məzunları beynəlxalq akademik uğurlarını davam etdirirlər. Proqramın məzunları Əkbərli Məhəmmədəli və Ələkbərli Ərəstun Çinin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə tam təqaüdlə təhsil almaq hüququ qazanıblar.
Məhəmmədəli Əkbərli Çinin Southwest Jiaotong University universitetində “Yol və dəmir yolu mühəndisliyi”, Ərəstun Ələkbərli isə Harbin Institute of Technology universitetində “İnşaat mühəndisliyi” ixtisasları üzrə magistratura təhsilinə qəbul olunub.
BMU–İNHA İDP tələbələrə beynəlxalq təhsil təcrübəsi qazandırmaq, müasir mühəndislik və texnologiya sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq üçün geniş imkanlar yaradır. Proqram çərçivəsində əldə edilən akademik biliklər və beynəlxalq təcrübə məzunların dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirmələrinə mühüm zəmin yaradır.
Məzunlarımızın Çinin nüfuzlu universitetlərinə tam təqaüdlə qəbul olunması BMU–İNHA İDP-nin beynəlxalq akademik imkanlarının və məzunlarının uğurlarının daha bir göstəricisidir.
Məzunlarımızı təbrik edir, onlara gələcək təhsillərində və elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!
