BMU-İNHA İDP-nin 650+ bal toplayan tələbələri xüsusi təbrik olunub

15 sentyabr 2026
BMU-İNHA İDP-nin 650+ bal toplayan tələbələri xüsusi təbrik olunub

Bakı Mühəndislik Universitetində (BMU) 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar açılış mərasimi keçirilib. Tədbirdə yüksək nəticə göstərərək BMU-İNHA Beynəlxalq İkili Diplom Proqramına qəbul olunan tələbələr də xüsusi diqqətlə qarşılanıb.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri yeni tədris ili münasibətilə təbrik edib. Rektor Azərbaycanın gələcəyinin innovasiya və texnologiyalar üzərində qurulduğunu vurğulayaraq gəncləri müasir bilik və bacarıqlara yiyələnməyə çağırıb.

Yaqub Piriyev BMU-nun son illərdə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldiyini, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq akkreditasiyalar, xarici əlaqələrin genişləndirilməsi və məzunların məşğulluğu istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Qeyd olunub ki, 2026–2027-ci tədris ilində bakalavriat üzrə 41 ixtisasın qəbul planı 98,4 faiz dolub, magistratura ilə birlikdə BMU-nu 3375 nəfər seçib. Bu, universitet tarixində ən yüksək qəbul göstəricisidir. Həmçinin 500–700 bal intervalında nəticə göstərən və BMU-nu seçən abituriyentlərin sayı 400 nəfəri ötüb.

Rektor, həmçinin Cənubi Koreyanın aparıcı universiteti ilə həyata keçirilən ikili diplom proqramına qəbul planının 100 faiz yerinə yetirildiyini bildirib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Vüqar Bayramov çıxış edərək tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar. Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova da tələbə və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib.

Mərasimdə BMU-ya qəbul olunan şəhid övladlarına da hədiyyələr təqdim olunub.

Tədbirin yaddaqalan məqamlarından biri 650-dən yuxarı bal toplayan tələbələrin təqdimatı olub. Onlar arasında BMU-İNHA İDP-yə qəbul olunan üç tələbə də yer alıb.

Belə ki, Cavad Cavadzadə “Kompüter elmləri/Süni intellekt mühəndisliyi” ixtisası üzrə 676,2 bal, Kənan Balakişiyev “Data analitikası/Data elmləri” ixtisası üzrə 655,9 bal, Banusultan Yusifzadə isə “Kompüter elmləri/Süni intellekt mühəndisliyi” ixtisası üzrə 655,8 bal toplayıb.

Yüksək nəticə göstərən BMU-İNHA İDP tələbələrini təbrik edir, onlara yeni tədris ilində uğurlar arzulayırıq.

← Geri