BMU-İNHA İDP tələbələri arasında intellektual yarış

10 dekabr 2025
BMU-İNHA İDP tələbələri arasında intellektual yarış

Bakı Mühəndislik Universitetində Koreyanın (Cənubi) İNHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı, Xarici dillər kafedrasının dəstəyi ilə "Brain Ring" intellektual yarışı keçirilib.  

İDP tələbələri üçün təşkil olunan tədbirin açılışında çıxış edən BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, Xarici dillər kafedrasının müdiri Nərminə Əliyeva, İNHA layihə rəhbəri Hyunjin Yang  yarışın əhəmiyyətindən danışıblar. İntellektual yarışların tələbələrin yalnız biliklərini deyil, həm də çevik qavrama, məntiqi düşünmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirdiyi diqqətə çatdırılıb. Eyni zamanda bu cür yarışların tələbələrin öz üzərində işləməsində, təcrübə toplamasında və potensialını nümayiş etdirməsində mühüm rol oynadığı vurğulanıb.

Sonra yarışın qaydaları nəzərə çatdırılıb. Tələbələr 10 komandaya bölünərək iki mərhələdən ibarət yarışda müxtəlif mövzular üzrə sualları cavablandırıblar.   

Yarışın sonunda “Axon” komandası qalib gəlib. Komandanın üzvləri və əlavə suallara doğru cavab verən yarış izləyicilərindən dörd İDP tələbəsi mükafatlandırılıb. Eyni zamanda qaliblərə sertifikatlar təqdim olunub. 

Tədbir tələbələrin ifasında maraqlı musiqi nömrələri ilə başa çatıb. 

← Geri