
BMU-İNHA İDP tələbəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda keçirilən Bootcamp-da iştirak edib.
Tədbirdə BMU-İNHA İDP-nin “Elektrik mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Firəngiz İbrahimova “Ağıllı istixana” layihəsi ilə çıxış edib. BMU-İNHA İDP tələbəsinin kənd təsərrüfatında süni intellektin tətbiqinə yönəlmiş innovativ layihəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və diqqət çəkib.
BMU-İNHA İDP tələbəsinin Bootcamp-da iştirakı Aqrar İnnovasiya Mərkəzi ilə BMU Texnoparkı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində reallaşıb.
Bootcamp-da ölkə üzrə süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 20-yə yaxın ali təhsil müəssisəsindən tələbələr, həmçinin 10-dan artıq Akselerasiya və İnkubasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi imkanları, innovativ həllərin hazırlanması və bu istiqamətdə müasir texnologiyalardan istifadə perspektivləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.
