
Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərərək beynəlxalq tədbirin təşkilati və texniki proseslərində dəstək olublar.
Tələbələr (Arzu Dadaşova, Lalə Məmmədova, Türkanə Bağışova, Ülvü Mahmudov, Hakim Musazadə, Şamil Məmmədov, Aslan Aslanlı, Nəbi Şadiyev, Akif Cəlilov, Sənan Əliyev, Tənzilə İbayeva, Fidan Cəfər) forum müddətində qonaqların qarşılanması, protokol qaydalarının icrası, audio-vizual dəstək, texniki koordinasiya, startap təqdimatları və digər təşkilati işlərdə fəal iştirak ediblər. Onların peşəkarlığı, komanda işi və kommunikasiya bacarıqları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
WUF13 kimi nüfuzlu beynəlxalq platformada iştirak tələbələr üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm təcrübə hesab olunur. Bu cür tədbirlər gənclərə beynəlxalq mühitdə çalışma, müxtəlif ölkələrdən olan iştirakçılarla ünsiyyət qurmaq və qlobal tədbirlərin təşkilati proseslərini yaxından müşahidə etmək imkanı yaradır.
BMU-İNHA İDP tələbələrinin forumda iştirakı proqramın tələbələrə qazandırdığı akademik biliklərlə yanaşı, onların praktiki bacarıqlarının və beynəlxalq platformalarda fəaliyyət potensialının göstəricisidir.
