
Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Seul şəhərində rəsmi tədbir keçirilib. Mərasimdə bir sıra dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Koreyada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov çıxış edərək, Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və siyasi əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, bu gün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzi kimi qeyd olunur və ölkəmizin müasir tarixində xüsusi yer tutur. O, həmçinin Koreya Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə uğurla davam etdiyini vurğulayıb.
Tədbirdə BMU–İNHA İkili Diplom Proqramı çərçivəsində İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər. Proqramın İnformasiya texnologiyaları ixtisasının tələbəsi Cəfər Hüseyn mərasimdə aparıcı qismində çıxış edərək tədbirin gedişini idarə edib. Elektrik mühəndisliyi ixtisasının tələbələri Nəzrin Nurulayeva və Firəngiz İbrahimova isə Azərbaycan milli rəqsi ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.
Mərasim çərçivəsində Zəfər Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıların xatirə fotosu çəkdirməsi ilə yekunlaşıb.
Bu cür tədbirlər xarici ölkələrdə Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi qələbəsinin və mədəniyyətinin tanıdılması, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
