
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən BMU-İNHA Beynəlxalq İkili Diplom Proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbul olunan tələbələr və onların valideynləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi yeni qəbul olunan tələbələri BMU-İNHA İDP-nin fəaliyyəti, təhsil imkanları, tədris prosesi, universitet mühiti və qarşıda duran akademik mərhələlərlə tanış etmək, eləcə də tələbələri proqram komandası ilə yaxından tanış etmək olub.
Tədbirdə çıxış edən BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. O, BMU-İNHA İDP-nin tələbələrə beynəlxalq təcrübə qazanmaq, müasir texnologiyalar üzrə bilik və bacarıqlar əldə etmək, iki universitetin akademik mühitindən yararlanmaq və gələcək karyeralarını uğurla qurmaq üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Humay Cəfərli, həmçinin tələbələri Rəhbər Komitənin üzvləri və İDP komandası ilə tanış edib, təhsil müddətində qarşılaşa biləcəkləri məsələlərin həllində tələbələrə hər zaman dəstək göstəriləcəyini bildirib.
İDP üzrə layihə direktoru Kanq Hansung tələbələri təbrik edərək builki qəbul prosesində yüksək rəqabətin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu il proqramı yüksək nəticə göstərən və güclü hazırlığa malik abituriyentlər qazanıb. Kanq Hansung BMU-İNHA İDP-nin tələbələr üçün beynəlxalq təhsil və peşəkar inkişaf baxımından mühüm imkanlar yaratdığını, proqram məzunlarının gələcəkdə uğurlu karyera qurmaq üçün geniş perspektivlər əldə etdiyini vurğulayıb. O, həmçinin texnologiya yönümlü ixtisaslara marağın artmasını müsbət hal kimi qiymətləndirib.
Görüşdə BMU-İNHA İDP-nin Proqram katibi Nurlan Astanov, Tədris işləri üzrə mütəxəssis Nurlanə Abaslı və Tələbələrlə iş üzrə mütəxəssis Şəhla Ağayarlı tələbələri salamlayaraq onları yeni tədris ili münasibətilə təbrik ediblər. Çıxışlar zamanı BMU-İNHA İDP-nin fəaliyyəti, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar, eləcə də proqram tələbələrinin və məzunlarının əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilib.
Tədbirdə İnformasiya və kompüter texnologiyaları fakültəsinin Tədris işləri üzrə dekan müavini Gülbiçə Zahidova və Elmi işlər üzrə dekan müavini Elməddin Hüseynov da çıxış edərək yeni qəbul olunan tələbələri salamlayıb, onları qazandıqları nailiyyət münasibətilə təbrik edib və qarşıdakı təhsil mərhələsində uğurlar arzulayıblar.
Görüş zamanı tələbələrə BMU-İNHA İDP-nin strukturu, tədris dili, fənlər, dərs prosesi, universitetlərdə təhsil və tələbə həyatı, akademik gözləntilər və nizam-intizam qaydaları barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edilib ki, 2020-ci ildən etibarən həyata keçirilən BMU-İNHA İDP Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb.
2026/2027-ci tədris ili üzrə BMU-İNHA İDP-yə “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası/Data elmləri” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılıb və ayrılmış yerlərin 100 faizi dolub.
Görüşün sonunda tələbə və valideynlərin proqram, tədris prosesi və tələbə həyatı ilə bağlı sualları cavablandırılıb. Yeni qəbul olunan tələbələrə 2026/2027-ci tədris ilində uğurlar, yüksək akademik nəticələr və gələcək fəaliyyətlərində nailiyyətlər arzulanıb.
