
Koreya Respublikasının İnçon şəhərində yerləşən İnha Universitetində BMU–İNHA İkili Diplom Proqramının (İDP) tələbələrinin iştirakı ilə interaktiv görüş keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan görüşdə Bakı Mühəndislik Universiteti (BMU) ilə İnha Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində, eləcə də İnha Universitetinin müxtəlif ixtisaslarında təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Görüşün əsas məqsədi tələbələr arasında əlaqələri möhkəmləndirmək, onların Koreyada təhsil və sosial həyata uyğunlaşmalarına dəstək göstərmək, həmçinin təcrübə və məlumat mübadiləsi üçün əlverişli mühit yaratmaq olub.
Tədbir çərçivəsində Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı Leyla Məsimli Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, eləcə də xaricdə yaşayan azərbaycanlı gənclər üçün həyata keçirilən layihələr və mövcud dəstək imkanları barədə məlumat verib.
Soydaşımız Əzizə Hüseynzadə Koreyada viza növləri və yaşayış statusu ilə bağlı tələblər haqqında danışıb. İnha Universitetinin doktorantı Rasim Mahmudov isə universitetdaxili təqaüd proqramları və tələbələrin bu imkanlardan yararlanma yolları barədə iştirakçıları məlumatlandırıb.
İnteraktiv formatda keçirilən görüş zamanı tələbələrin sualları cavablandırılıb, onların təhsil prosesi, Koreyadakı gündəlik həyat və qarşılaşdıqları çətinliklərlə bağlı fikir və təcrübələri dinlənilib.
Tədbir çərçivəsində soydaşımız Günay Kərimovanın hazırladığı Azərbaycan milli mətbəxinə aid ənənəvi şirniyyatlar da təqdim olunub. Çay süfrəsi ətrafında davam edən səmimi söhbətlər tələbələrə yeni tanışlıqlar qurmaq, fikir mübadiləsi aparmaq və bir-biri ilə daha yaxından ünsiyyət yaratmaq imkanı verib.
Görüş xaricdə təhsil alan azərbaycanlı gənclər arasında həmrəyliyin gücləndirilməsi, qarşılıqlı dəstək mühitinin formalaşdırılması və onların Koreyadakı Azərbaycan icması ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
