BMU-İNHA ikili diplom proqramına qəbul başlayır: sənəd qəbulu və imtahan tarixləri açıqlanıb

16 July 2026
BMU-İNHA ikili diplom proqramına qəbul başlayır: sənəd qəbulu və imtahan tarixləri açıqlanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbul prosesi başlayır. Bununla yanaşı, proqrama müraciət üçün sənəd qəbulu və daxili imtahan tarixləri də elan edilib.

BMU-İNHA İDP “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və ölkədə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb.

2026/2027-ci tədris ili üzrə proqram çərçivəsində “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq. Hər bir ixtisas üzrə 26 tələbənin qəbul olunması planlaşdırılır.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Tələbələr 3 il Bakı Mühəndislik Universitetində, 1 il isə Koreya Respublikasının İNHA Universitetində təhsil alacaqlar. Təhsil müddətinin sonunda məzunlara hər iki universitet tərəfindən bakalavriat səviyyəsi üzrə diplom təqdim ediləcək.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə tələbələrin Koreya Respublikasında 1 illik təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarından istifadə xərcləri qarşılanacaq.

Proqrama qəbul iki mərhələdən ibarətdir. Namizədlər ilk olaraq Dövlət İmtahan Mərkəzinin 2026-cı il üzrə bakalavriat qəbul imtahanlarında iştirak etməli və BMU-İNHA İDP üçün müəyyən edilmiş keçid balını toplamalıdırlar. Bundan sonra müraciət edənlər İNHA Universitetinin təşkil etdiyi Riyaziyyat, Fizika və İngilis dili fənləri üzrə yazılı daxili imtahandan uğur qazanmalıdırlar.

Proqrama onlayn qeydiyyat və sənəd qəbulu 16 İyul –1 Avqust 2026-cı il tarixlərində həyata keçiriləcək. Namizədlər tələb olunan sənədləri 16 iyul tarixindən etibarən aktiv olacaq onlayn anket (https://inha.beu.edu.az/register) forması vasitəsilə təqdim edə biləcəklər. Sənədlərin qəbulunun son tarixi 1 Avqust saat 23:55-dir.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı ildə keçiriləcək, nəticələr isə 6 avqust tarixində elan olunacaq.

Qəbul olunan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim edilərək Dövlət İmtahan Mərkəzində rəsmi qeydiyyata alınacaq. Proqrama qəbul qazanan abituriyentlər rəsmi BMU-İNHA İDP tələbəsi statusu əldə etdiklərinə görə DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etməyəcəklər. Proqrama qəbul olunmayan namizədlərin isə DİM-in ixtisas seçimi prosesində iştirak etmələri üçün kifayət qədər vaxt nəzərdə tutulub.

BMU-İNHA beynəlxalq ikili diplom proqramı tələbələrə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, data elmləri, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində müasir bilik və bacarıqlar qazanmaqla yanaşı, beynəlxalq səviyyədə tanınan iki bakalavr diplomu əldə etmək imkanı yaradır.

Xatırladaq ki, cari il 113 nəfər tələbə məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələniblər, və bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır.

Back